AVROPA MƏHKƏMƏSİ MƏCBURİ KÖÇKÜNLƏRİN ŞİKAYƏTİNƏ BAXIR

Avropa Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiasına baxıb.

APA-nın Avropa İnsan Haqları Məhkəməsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, dinləmələrdən sonra məhkəmə iclasını bağlı qapılar arxasında keçirəcək. İddia əsasında qərarın növbəti mərhələdə çıxarılacağı bildirilir.

İddiaya baxan Böyük Palatanın tərkibinə Jan Pol Kosta (məhkəmənin prezidenti), Kristos Rozakis (Yunanıstan), Nikolaz Bratza (Böyük Britaniya), Pyer Lorensen (Danimarka), Frensis Tulkens (Belçika), Jozef Kasadevall (Andorra), Kornelio Birsan (Rumıniya), Bojan Zupanziç (Sloveniya), Nina Vajiç (Xorvatiya), Elizabet Fura (İsveç), Alvina Gülümyan (Ermənistan), Xanlar Hacıyev (Azərbaycan), Eqbert Mujer (Hollandiya), Sver Erik Jebens (Norveç), Giorgio Malinvemi (İsveçrə), Georgi Nikolau (Kipr), Luis Lopes Querra (İspaniya), Den Spelman (Lüksemburq), İzabel Berro-Lefevre (Monako) və David Byörkvinsson (İslandiya) daxildir.

Qeyd edək ki, iddiaçı qismində Azərbaycanın 6 vətəndaşı – Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərəri kompensasiya etməyib. İddia ərizəsi 1-ci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirib və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Minas Sərkisyanın “Sərkisyan Azərbaycana qarşı” işi üzrə iddiasına da baxıb. İddia üzrə qərar bir müddət sonra çıxarılacaq.

This entry was posted in Avropa İnsan Haqları Məhkəməsi qərarları. Bookmark the permalink.

Leave a comment